Qısa müddət ərzində Akademiyada beynəlxalq əlaqələrin yaradılması və genişləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Rusiya Federasiyası, Belarus və Ukraynanın müvafiq tədris müəssisələri ilə səmərəli əməkdaşlıq yaradılmış, Akademiyanın əməkdaşları və kursantları bir sıra beynəlxalq konfranslarda və tədbirlərdə iştirak etmişlər.
On il ərzində Akademiyanın həyatında yaddaqalan anlardan ən başlıcası 2013-cü ilin 27 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Akademiyanın beynəlxalq standartlara cavab verən yeni inzibati binasının açılış mərasimində iştirak etməsidir. Akademiyada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirərək, dəyərli tövsiyələrini vermişdir: “Ümumiyyətlə Fövqəladə Hallar Nazirliyinin Akademiyası qısa müddət ərzində gözəl bir tədris mərkəzinə çevrilibdir. Ümid edirəm ki, biz gələcəkdə bu Akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzi yaradacağıq. Burada mövcud olan imkanlar bunu deməyə əsas verir. Çünki hesab edirəm ki, bu bölgədə, yerləşdiyimiz regionda bu Akademiyanın, əlbəttə, öz yeri vardır. Əminəm ki, burada təhsil almaq üçün qonşu ölkələrdən də vətəndaşlar gələcəklər. Bu bazada əminəm ki, beynəlxalq tədris mərkəzini yarada bilərik.”












