Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Admission rules



Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2026/2027-ci tədris ilində, bakalavriat səviyyəsinə, əyani təhsil forması üzrə kursant (müdavim) qəbulu elan edilir.

Xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər Akademiyaya namizəd olmaq üçün müraciət edə bilərlər. Boy həddi 170 sm. müəyyən olunur.

Akademiyada kadr hazırlığı “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə əyani şöbədə, dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) 4 il müddətində, azərbaycan dilində həyata keçirilir.

Təhsil prosesində müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələrindən, kitabxanalardan və müasir tədris metodlarından istifadə edilir.

Akademiyaya qəbul edilən şəxslər təhsil müddətində əşya, ərzaq, və geyim təminatına götürülür, hərbi kazarma tipli yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq I ixtisas qrupunun RK altqrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Akademiyaya namizədlərin sağlamlıq vəziyyəti Hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilir, fiziki hazırlığı yoxlanılır və Fövqəladə Hallar Nazirliyinin yaratdığı Komissiya tərəfindən seçilir.

Akademiyaya qəbul olanlar hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə könüllü daxil olmaları haqqında bağlaşma imzalayırlar. 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır.

Akademiyada təhsili başa vurmuş və dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş məzunlar ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi alır. Əyani təhsil almış məzunlara qanunvericiliyə uyğun olaraq “leytenant” hərbi rütbəsi, müdavim olmuş məzunlara isə həmçinin müvafiq xüsusi rütbə verilir.

Sənədlər mart ayının 2-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8 ünvanda, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qəbul edilir.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az və Dövlət İmtahan Mərkəzinin www.dim.gov.az rəsmi internet portallarından Akademiyaya və tələbə qəbulu ilə bağlı məlumat əldə etmək olar.


Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizədlər tərəfindən təqdim edilən sənədlər

Əyani təhsilalma forması üzrə:

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizədlər aşağıdakı sənədləri şəxsən təqdim edirlər:

  • şəxsiyyət vəsiqəsi əsli və surəti;
  • doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və surəti;
  • tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
  • tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, tam orta məktəbin buraxılış sinfində oxuyanlar DİM-in müəyyən etdiyi formada arayış;
  • yaşayış yerindən arayış;
  • 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil ağ fonda, 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil qırmızı fonda (tünd rəngli pencəkdə);
  • Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında abituriyentin təsdiqlənmiş elektron ərizəsi.

Tibbi şəhadətləndirmə üçün Hərbi həkim komissiyasına göndərişə əlavə edilən sənədlər:

  • DƏRİ-ZÖHRƏVİ dispanserindən arayış, qanın RW markerinə görə müayinəsinin nəticəsi ilə;
  • RUHİ-ƏSƏB dispanserindən arayış;
  • NARKOLOJİ dispaserindən arayış;
  • VƏRƏM dispanserindən arayış, Döş qəfəsi orqanlarının rentgen müayinəsinin nəticəsi ilə;
  • Son 5 il ərzində qeydiyyatda olduğu poliklinikaya müraciəti haqqında arayış;
  • Qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi;
  • Burunətrafı ciblərin rentgenoqrafiyası;
  • Sidiyin ümumi analizi;

Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, elektron sənədlər istisna olmaqla imzası və möhürü olmalıdır.





FHN əməkdaşları üçün Qiyabi təhsilalma forması üzrə:

  • şəxsiyyət vəsiqəsi əsli və surəti;
  • xidmət yerindən xasiyyətnamə;
  • Xidməti vəsiqənin (arayış) surəti;
  • Atestat və ya diplomun əsli və notarial qaydada təsdiq olunmuş surəti;
  • 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil (ağ fonda), 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (qırmızı fonda, kitel geyim formasında);
  • Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında abituriyentin təsdiqlənmiş elektron ərizəsi.

Qeyd: Qiyabi təhsil formasına yalnız Fövqəladə Hallar Nazirliyinin orqanlarında xidmət edən əməkdaşlar qəbul olunur.